Barama Biz. "Binar studio"-Toğrul Cəfərli
 

Cəfərli Toğrul Faiq oğlu 1994-cü il, may ayının 6-sı Lənkaran rayonunun Port-İliç (Liman) şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 37 saylı orta məktəbdə bitirib. Orta məktəbdə texniki fənlərdən və informatikadan müxtəlif yarışlarda iştirak edib və yer tutub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin, Kompüter elmləri ixtisasına qəbul olub. Hazırda həmin fakültənin 4-cü kurs tələbəsidir. Tələbə olduğu illərdə müxtəlif yerli və beynəlxalq yarışlarda iştirak edib və yerlər tutmuşdur. 2013-cü ilin iyun ayında, dostu və qrup yoldaşı Elnur Məmmədov ilə ilk şirkətləri, “Binar Studio” MMC-ni təsis etmişdir. Həmin vaxtdan bəri bu şirkətdə işləyərək müştəriləri üçün müxtəlif proqramlaşdırma həllərinin hazırlamasından iştirak edir. “Azercell” şirkətində təcrübəçi proqramçı olub. “Oracle” sertifikatlı Java proqramçısıdır. Hazırda “Binar Studio” adı ilə proqramlaşdırmanın autsoursinqini (ing. outsourcing) asanlaşdıracaq platformanın hazırlanması ilə bağlı “Barama”da iştirak edir.

 

1. Layihəniz insanlara nə verəcək? - Əslində, bizim layihəmizin hədəf kütləsi adi insanlar deyil, orta və böyük şirkətlər və sərbəst fəaliyət göstərən proqramçılardır. Biz bu iki tərəf arasında proqramlaşdırma işlərinin görülməsi məsələlərini asanlaşdıracaq bir platformanın üzərində işləyirik. Yəni, bizim platforma vasitəsilə şirkətlər sərfəli, asan və keyfiyyətli texniki autsors (ing. outsource) xidməti, proqramçılar isə heç bir başağrısı olmadan böyük şirkətlər ilə işləmək imkanı əldə edəcəklər

2. Nəzərdə tutulan hansı yeniliklər var? - Bizim platformamızın proqramlaşdırmanın autsorsu üçün mövcud olan köhnə bir neçə əsas metodun hər birinin, üstün cəhətlərini özündə birləşdirir və onların mənfi cəhətlərindən mümkün qədər azad olmağa çalışır.

3. Fərqlənmək üçün nə edirsiniz və yaxud sizin fərqiniz nədir? - Keyfiyyətli, dürüst iş ilə fərqlənməyə çalışırıq.

4. Barama sizin üçün nədir? - Mənim üçün Barama gözəl insanları bir araya gətirən, onların rahat formada, kofe içərək öz ideyalarını həyata keçirmələri, yorulanda stolüstü futbol və ya pleysteyşn oynamaları üçün şərait yaradan və layihələrin inkişafına dəstək olan inkubatordur.

5. Kollektiviniz haqqında nə deyə bilərsiz? - Kollektivimiz 2 nəfərdən ibarətdir. Elnur Məmmədov və mən. Həm yaxın dost, həm də ki bir ildən çoxdur ki, qurduğumuz şirkətin şərikləriyik.

6. Bir baramaçı kimi özünüzü necə xarakterizə edərsiniz? - İndiyə qədər çoxlu sayda başqa məhsul ideyaları haqda düşünmüş baramaçı.

7. Əsas məqsədiniz və hədəfiniz nədir? - İnsanların faydalana biləcəyi məhsullar yaratmaq

8. Sizcə bir komandanı komanda edən nədir? Və komanda üzvünü  və liderini yaxşı edən əsas cəhət nədir? - Mənə elə gəlir ki, bu suala iddialı cavab verə bilmək üçün hələ çox tezdir, amma fikirləşirəm ki, komandanı yaxşı komanda edən üzvlərin hərəsinin öz bir işlə məşğul olması və yaxşı məşğul olmasıdır.

9. Beş ildən sonra özünüzü harda görürsünüz? - Təsis etdiyimiz kifayət qədər uğur qazanmış bir şirkətin uğurlarını davam etdirməyə çalışmaq xoş olardı.

10. Və ən çox motivasiya aldığınız iş nədir? - Ən çox motivasiya aldığım işlər, yəqin ki, görməyi planlaşdırdığım işlərdir.

Turac Teyyubqızı
Facebook şərh sistemi