Barama İnkubasiya Proqramına Qəbul Olan 5 Startup

10 oktabr 2017-ci il tarixində "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində", Barama İnkubasiya Proqramı 2017 çərçivəsində 2-ci mərhələyə dəvət olunmuş 18 startap, münsiflər heyəti qarşısında çıxış edib. Dəyərləndirmə zamanı uğurla çıxış etmiş və yüksək bal toplamış startaplar, Barama İnkubasiya Proqramındaiştirak etmək şansı qazandılar.

Qaliblərin siyahısını təqdim edirik:

1.”PayPoz” – Xüsusi POS terminal və mobil tətbiq vasitəsi ilə QR kod əməliyyatları etməyə imkan yaradan innovativ ödəniş sistemi. Bu sistem vasitəsilə siz sadəcə telefonda olan əlavə vasitəsilə restoran və mağazalarda QR kod oxutmaqla ödəniş edə bilərsiniz. Bunun üçün mağazalara xüsusi POS terminallar yerləşdirilir. Startap sadəcə "software" həll təqdim edir. Qısa olaraq şərh etsək, Apple Pay və Samsung Pay kimi ödəniş sistemlərinin NFC tərtib olmadan daha sadə hala gətirilməsi deyə bilərik.

2.”Tripparo.com” – Səyahətləri, büdcə və maraqlara görə planlayan avtomatlaşdırılmış platforma. Bu platforma vasitəsilə siz, gedəcəyiniz məkanı, günləri və büdcənizi qeyd etməklə məsləhət ala bilərsiniz. Bu məsləhət isə insanlar tərəfindən yox, sistem və alqoritmlər tərəfindən təqdim olunur. Belə ki, qlobal reytinq mənbələrinə əsaslanan sistem sizə hansı hotel yaxud hosteldə qalmağınızı, harada səhər, günorta yaxud axşam yeməyi yeyə biləcəyinizi və gedə biləcəyiniz yaxın əraziləri büdcəyə uyğun optimal şəkildə təqdim edir.

3.”Resorts.az” - Lokal onlayn hotel, hostel, ev və s. rezervasiya saytı və mobil tətbiqi. Platforma Booking.com və Airbnb kimi qlobal əjdahalara rəqib görünsə də, əsas həll etdiyi problem fərqlidir. Belə ki, layihə xüsusilə regionlarda olan Airbnb və Booking.com üçün əlçatmaz olan evləri və hotelləri sayta yerləşdirir. Və xarici turistlər, eləcə də yerli səyahətçilər üçün üstün imkanlar yaradır.

4. “InPlace” – Mebellerin onlayn şəkildə sifarişi və “auqmented reality” texnologiyasını istifadə etməklə mebelləri virtual olaraq canlandırmaq üçün mobil əlavə. Qısacası siz bir online mağazadan mebel seçdiyinizi düşünün və seçdiyiniz mebeli telefonun kamerası ilə evinizin hər hansı bir küncündə canlandırın. AR texnologiyası ilə bu mümkündür.

5. “Count Me” – Ziyarətçilərin sayının analizi üçün cihaz və tətbiq. Xüsusilə böyük "Mall"larda rastımıza çıxan bu cihazlar bizlərə tanışdır. Sözügedən startap isə bunu daha əlçatan və kiçik sahibkarlıq obyektləri üçün istifadəyə yararlı bir şəkilə salır. Beləcə, məkana daxil olan müştərilərinin sayı hesablanır.

Proqramın əsas üstünlükləri:

1. Biznesi dəstəkləyən şərait (mentor dəstəyi, biznes əlaqələri, investorlara çıxış imkanı)

2. Texniki dəstək (Helpdesk, IT məsləhəti, IT təlimləri)

3. Azercell və PAŞA Bankdan olan mütəxəssislərlə görüşlər, maliyyə konsaltinqi, qlobal startup müsabiqələrində və tədbirlərdə iştirak etmək imkanı, təlim sessiyaları, masterklass, virtual kitabxana

4. İstifadə imkanı (ofis sahəsi, ofis avadanlığı, yüksək sürətli internet, pulsuz Azercell nömrəsi və il ərzində 600 AZN kredit limiti, qəhvə və çay)

5. İnkubasiya proqramının sonunda "Final Demoday"da startapın hazirladığı son məhsul və ya xidmətin rəsmi qaydada 5000 AZN dəyərində ilk müştəri olaraq Azercell tərəfindən alınması.

 

Mənbə: technote.az